19/12/2012
Mükafatlandırma mərasimini giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycan iqtisadiyyatının dinamik inkişafından bəhs edərək, bu prosesdə kütləvi informasiya vasitələrinin rolunu xüsusi olaraq qeyd etdi. R.Aslanlı bu istiqamətdə ictimaiyyətin davamlı olaraq məlumatlandırması və maarifləndirməsi, həmçinin vaxtında və keyfiyyətli məlumatlarla təmin edilməsində müasir jurnalistikanın vacibliyini vurğuladı.
Sonra tədbirdə "PAŞA Bank"-ın İdarə heyətinin sədri Fərid Axundov "PAŞA Bank" ASC-nin, QKDK ilə birgə əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, belə müsabiqələrin təşkil edilməsinin artıq ənənəyə çevrildiyini bildirdi. F.Axundov layihənin sosial cavabdehlik proqramı çərçivəsində maliyyələşdirildiyini və bu sahədə peşəkar jurnalistikanın inkişafına dəstəyin davam etdiriləcəyini bildirdi.Daha sonra QKDK-nın Aparatının rəhbəri Bəxtiyar Əzizov komitə tərəfindən bu günə qədər həyata keçirilən tədbirləri barəsində ətraflı məlumat verdi. B.Əzizov müsabiqəyə media nümayəndələri tərəfindən yüksək maraq göstərildiyinin və müxtəlif aspektlərdə maraqlı məqalələrin təqdim edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.