22/11/2012
"Hilton" otelində keçirilən seminarın işində 60-dan yuxarı təşkilatın nümayəndələri iştirak etmişdir. Tədbir çərçivəsində dəvət olunmuş spikerlər - AMB nəzdindəki Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) direktoru Elçin Həbibov, BMK-nın (Beynəlxalq Maliyyə Korporasiyası) kommunikasiyalar üzrə mütəxəssisi Rəsminə Qürbətova, BMK-nın Mərkəzi Asiya və Azərbaycanda maliyyə infrastrukturunun təkmilləşdirilməsi Layihəsinin əlaqələndiricisi Teymur Heybətov, PASHA Bankın Kredit risklərinin qiymətləndirilməsi departamentinin meneceri Yalçın Abdullayev kiçik və orta sahibkarlığın inkişafına bu və ya digər dərəcədə aid olan ən aktual sualları cavablandırmışlar.
Belə ki, seminar iştirakçıları Mərkəzləşdirilmiş Kredit Reyestrinin iş üslubu ilə, məlumatlardan istifadə imkanı ilə və MKR-nın fəaliyyətinə aid digər məsələlərlə; BMK-nın kiçik və orta sahibkarlarla iş sahəsində təcrübəsi ilə; eləcə də, ölkənin ən iri banklarından biri olan PASHA Bankın mütəxəssisinin müsbət kredit tarixçəsinin mövcudluğuna və onun borcalanın işgüzar fəaliyyətinin inkişafına təsirinə dair aktual məsələlərə münasibəti ilə tanış olmuşlar. Tədbirin gedişi ərzində müzakirələrin xeyli məhsuldar keçdiyini qeyd edən bir sıra seminar iştirakçıları AMB, BMK, PASHA Bank və Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə yeni tədbirlərdə iştirak etmək istəklərini ifadə etmişlər.
Xatırladaq ki, Kiçik və Orta Sahibkarlarla əməkdaşlıq PASHA Bankın yeni və əsas fəaliyyət istiqamətlərindən biridir. Bu səbəbdən, Bankın məqsədlərindən biri KOS-lar sektorunu təmsil edən işgüzar cəmiyyətin maliyyə savadlılığını artırmaqdan ibarətdir.