Çap

Press-relizlər

“Best Managed Companies Azerbaijan 2025” müsabiqəsi açıq elan olunub

Javid-G.-imzalama-3 (1).jpg (216 KB)Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın və "Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2025” müsabiqəsi açıq elan olunub. 

Təqdimat mərasimi çərçivəsində keçirilən rəsmi tədbirdə təşəbbüsün əhəmiyyəti və tərəfdaşların ortaq səyləri bir daha vurğulanıb. 

Bu biznes müsabiqəsi, Azərbaycanın aparıcı özəl şirkətlərini tanıtmaq və mükəmməl idarəetmə təcrübələrini təşviq etmək məqsədi daşıyır. “Best Managed Companies” layihəsi, “Deloitte” şirkətinin özəl şirkətlərə yönəlmiş xüsusi bölməsi olan “Deloitte Private” tərəfindən təqdim edilən qabaqcıl proqramlardan biridir. Proqram Azərbaycanda “Deloitte Private” və “PAŞA Bank”ın sponsorluğu ilə həyata keçirilir. Sahibkarlığın İnkişafı Fondu, ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziya isə tərəfdaşlar olaraq layihədə iştirak edirlər. 

“Deloitte Azərbaycan”ın İdarəedici Partnyoru Nuran Kərimov böyük məmnuniyyətlə qeyd edib ki, "Best Managed Companies" layihəsi Azərbaycanda dördüncü ilinə qədəm qoyur. 

“Bizim əsas məqsədimiz Azərbaycanda sahibkarlığın inkişafına dəstək olmaqdır. Bu biznes yarışında iştirak edən özəl şirkətlər üçün bir çox imkanlar və üstünlüklər təqdim edilir. Layihə çərçivəsində “Deloitte” mütəxəssisləri iştirakçı şirkətlərin idarəetmə sistemlərini qiymətləndirir, onlarla beynəlxalq qabaqcıl təcrübələri bölüşür və faydalı məsləhətlər verirlər. Qalibləri isə Azərbaycanda peşəkarlığı ilə seçilən şəxslərdən ibarət müstəqil münsiflər heyəti təyin edir. Biz ölkəmizdəki özəl şirkətləri bu nüfuzlu müsabiqədə iştirak etməyə dəvət edirik,” deyə, Kərimov bildirib. 

Öz növbəsində, “PAŞA Bank”ın İdarə heyətinin sədri Cavid Quliyev qeyd edib ki, müsabiqə Azərbaycanın iş dünyasında aparıcı idarəetmə təcrübələrinin tanıdılması və təşviq edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

“Biz “PAŞA Bank” olaraq, bu proqramın Azərbaycanda biznes mühitinin inkişafına verdiyi töhfədən qürur duyuruq. İnanırıq ki, bu müsabiqə şirkətlərimizin beynəlxalq standartlara uyğun mükəmməl idarəetmə sistemləri qurmasına dəstək olacaq və Azərbaycan iqtisadiyyatının sağlam və dayanıqlı inkişafına töhfə verməyə davam edəcək,” deyə, Quliyev bildirib. 

“Best Managed Companies” mükafat proqramı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi uğurla həyata keçirilərək ölkənin ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 46 ölkədə həyata keçirilir. Buraya Çin, ABŞ, cənub-şərqi Asiya, Hollandiya, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir. 

Azərbaycanda 2021-ci ildən keçirilən bu müsabiqədə ümumilikdə 40-a yaxın şirkət iştirak edib və 9 şirkət “Best Managed Companies Azerbaijan” titulu ilə təltif edilmişdir. Bu şirkətlər Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement, SƏBA, iki il ardıcıl olaraq qalib olan Veysəloğlu Şirkətlər Qrupu və üç il ardıcıl olaraq qalib olan METAK şirkətidir. 

“Best Managed Companies Azerbaijan 2025” müsabiqəsində iştirak etmək üçün müraciətlər 3 oktyabr 2024-cü il tarixindən qəbul edilir. Müraciət üçün linkə keçid edin. 

Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin.

https://www.pashabank.az/press_centre,2026/lang,az/